Portala giriş
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Tarix

  • 23 окт, 19:45


Qədim Dövr


Qəbələ şəhərinin yerləşdiyi ərazi yaşayış üçün əlverişli olduğundan hələ qədim zamanlardan insanların diqqət mərkəzində olmuş, onlar burada məskumlaşmağa başlamışlardır.
Hələlik Qəbələ və onun ətrafındakı ərzilərdə aşkar olunmuş ən qədim tapıntılar eramızdan əvvəlki III minilliyə- tarixdə ilk tunc dövrü kimi tanınan dövrə aiddir. Bu dövrə aid yaşayış izləri Çaqqallı sahəsində tapılmışdır. Şəhər və ətrafında Tunc Dövrünün müxtəlif mərhələlərinə aid kurqan qəbirlər vardır. Qəbirlərdə insan sümükləri ilə yanaşı müxtəlif məişət əşyalarına da rast gəlinir. Bu da insanların dini inancından irəli gəlirdi. Dəmirin kəşf olunmasının ardınca əhali sıxlığı da sürətlə artmışdır.
Bu dövrün maddi tapıntıları Saleh Qazıyev tərəfindən araşdırılmışdır.
Eramızdan əvvəl 331-321 ci ildə Makedoniyalı İsgəndərin İmperiyasının zəifləməsinin ardınca Şimali Azərbaycanda Qafqaz Albaniyası dövləti yaranır və onun mərkəz şəhəri və paytaxtı Kabalaka (Qəbələ) şəhəri olur.
1926 cı ildə bu ərazidə o dövrə aid olan torpaq qəbirlər tapılmışdır. Tapıntı Nic-Abdallı ərazisində “Yaloylutəpə” adı yerdən tapılmışdır. Bu tipli qəbirlər Gürcüstan ərazisindən də tapılmışdır. Və bu tapıntı “Yaloylutəpə Mədəniyyəti” kimi tarixə keçmişdir.
Qəbələ şəhəri haqqında ilk yazılı məlumatı eramızın I əsrində yaşamış Roma alimi Böyük Piliniy vermişdir. O özünün ensiklopedik “Təbii Tarix” əsərində yazmışdır: “Azərbaycanda əsas şəhər Kabalakadır”
Eramızın II əsrində yaşamış yunan alimi Ptolomey Albaniyanın 29 yaşayış məntəqəsinin adını çəkir. Bunlardan biri də Xabaladır. Burada adı çəkilən Xabala ilə Piliniyin qeyd etdiyi Kabalaka eyni isimlərdir.
Ərməniyyə mənbələrində Kapalak, ərəb-fars mənbələrində isə Qəbala kimi də adlandırılmışdır. Bu adlar sonrakı yazılarda Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.
Ərəb coğrafiyaşünası və tarixçisi Bəlazuri Qəbələni “Xəzər” kimi göstərmişdir. Bu da Xəzər tayfalarının Şimali zərbaycana gəlməsi və burada məskumlaşması ilə əlaqədər olmuşdur.
Fars mənbələrində həm də bu şəhərin Sasani şahı Qubad (488-531) tərəfindən salındığı göstərilir. Ancaq Qəbələ şəhərinin Albaniyanın ilk paytaxtı olması bu iddianı yalanlayır. Ancaq Qubadın dövründə Şəhər mədəni-ticari sahədə inkişaf etmişdi.
Qəbələ şəhərinin qədim dövr və ilk orta əsrlər dövrü tarixi Qədim Qəbələ şəhəri ərazisində aparılmış araşdırmalarla öyrənilmişdir.
Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Çuxur Qəbələ çayı) ilə Covurlu çay (Qala çayı) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən Şimal tərəfdəki hissəni “Səlbir”, xəndəkdən cənub tərəfdəki hissəni isə “Qala” adlandırır. Hər iki hissə bəzən “Səlbir”, “Govur-qala”, bəzən də şəhərin təkcə “Qala” hissəsi “Govur-qala” adlandırılır. 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3-4 km Şərqdə, yerli əhali tərəfindən “Güllü qoruq” və ya “Çaqqallı” talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir. Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.

Səlbir

Qəbələnin Səlbir hissəsi, şəhərin e. ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə qərb-şərq tərəfi hündür, mərkəz və şimal-qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu şimal tərəfdə təxminən 410 m, qərbdə 448 m, şərqdə 357 m, perimetri isə 1425 metirdir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır. Böyük darvaza yerlərindən biri qalanın Şimal tərəfində, digəri cənub-qərb küncündə, kiçik darvaza yeri isə qərb tərəfindədir.

Ərazinin Şimal ətəyi təxminən 30 m dərinlikdə geniş sahəli dərədir. Dərənin Şərq tərəfi Covurlu çayın, Qərb tərfi isə Qaraçayın yataqları ilə əlaqələnir. Onun dibi isə təbii qaynama bulaqlarla zəngindir. Bu bulaqlar bir-biri ilə əlaqələnən təbii xırda göllər əmələ gətirir. Bu da şəhərin Şimal tərəfinin hərbi mövqeyini daha da möhkəmlətmişdir. Bundan əlavə, Şimal tərəfdə qala divarı ilə dərə arasında 5 m-dən artıq endə torpaq sahəsi vardır. Həmin sahə qala divarı tikilən zaman qazılaraq hamarlanmışdır. Onun çox hissəsi sırf müdafiə xəndəyi xarakteri daşıyır. Həmin sahə əslində həm qala divarının erroziyaya uğramasının qarşısını almış, həm də əlavə maneə məqsədi daşımışdır. Belə bir hal Səlbirin Qərb qala divarı ilə Qaraçay dərəsinin arasında, ancaq kiçik darvaza yerinin sağ-sol tərəflərində də mövcuddur. Burada dərə ilə qala divarları arasında təxminən 30 m uzunluğunda süni müdafiə xəndəyi vardır. Əgər Qaraçay ümumiyyətlə Qərb qala divarlarının strateji mövqeyini möhkəmlətmişdirsə, həmin xəndək, əlavə olaraq, kiçik darvazaya qalxan yolun müdafiəsi üçün xüsusi hərbi əhəmiyyət daşımışdır.

Səlbirin Şərq tərəfinin çox hissəsini Covurlu çay yuyub dağıtmışdır. Ona görə də tədqiqatçılar onun Şərq tərəfinin əvvəlki vəziyyəti haqqında bəhs etmirlər.

Səlbirlə Qala arasındakı xəndək barədə hələ XV əsrə aid türk mənbəsi olan “Şücaətnamə”də də məlumat verilir. Həmin xəndək Səlbirin Cənub qala divarını Qalanın Şimal qala divarı ilə sərhədləndirir. Onun uzunluğu 273 m olub, Səlbir ilə Qalanın Qərb və Şərq qurtaracaqlarında tamamlanır. Şərq tərəfdə xəndəyin indiki dərinliyi 16-20 m, eni 30 m-dək, Qərbdə dərinlik 20-24 m, eni isə təxminən 30 m-dir. Xəndəyin qurtaracaqları Qaraçay və Covurlu çayın dağıntılarına məruz qalmışdır. S. M. Qazıyev qeyd edir ki, şəhərin Səlbir hissəsi Qala hissəsinə nisbətən daha qədimdir. O, Səlbirin alt yaşayış qatından əldə edilən arxeoloji materialların- sərnic, dolça (tay qulp), sütdan, vaz və s. kimi cəhrayı və qara rəngli qabların Yaloylutəpə mədəniyyətinin səciyyəvi materialları ilə müqayisəsinə, həmçinin Səlbirdən I əsrdə Qotarsın adına kəsilmiş gümüş pulun tapılmasına əsasən, burada nəinki eramızın əvvəllərində hətta e. ə. I əsrdə də yaşayış olduğunu söyləmişdir.

1974-cü ildə Səlbirdə şəhərin Qərb qala divarının 35 m uzunluqda (eni 2, 4 m) bünövrəsi və bir möhtəşəm qala bürcü torpaq altından çıxarılmışdır. Kvadrat formada tikilən (10*10 m) və hazırda qalığının hündürlüyü 14 m olan bu bürc, Azərbaycan ərazisində aşkar olunmuş ilk tapıntı kimi olduqca qiymətlidir.

1975-ci ildə içərisi təmizlənən zaman şəhər tərəfdən bürcə daxil olmaq üçün giriş yeri və bürcün ən qədim divar qalığı aşkar olunmuşdur. Onun giriş yeri və içərisindən, şəhərin qədim dövrünə aid edilən cəhrayı və saxsı rəngli qab qırıqları tapılmışdır. Bu bürc plan və quruluşuna görə, Güney Azərbaycanda Həsənli təpəsində aşkar olunan və e. ə. IX əsrə aid edilən qala divarının bürclərilə müqayisə edilə bilər.

İ. Əliyev qeyd edir ki, Səlbirdə aşkar edilən bürcün, qədim dövr qala bürcləri formasında tikilməsinə, həmçinin giriş yeri və içərisində tapılan saxsı qab qırıqlarının qədi dövr saxsı qab qırıqlarına oxşamasına əsasən demək olar ki, şəhərin Səlbir hissəsində qala divarlarının bünövrəsi təxminən e. ə. I əsrdə qoyulmuşdur. Bu arxeoloji dəlil, I əsrdə Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələnin, möhkəmləndirilmiş şəhər (Oppidum) olması haqqında məlumat verən Roma tarixçisi Qay Plini Sekunda haqq qazandırır.

Səlbirdən tapılan kirəmitlər iki növdür : müstəvi və nov şəkilli. Müstəvi kirəmitlərin uzunluğu 67 sm, eni bir başda 45, digər başda isə 36 sm-dir. Nov şəkilli kirəmitlər yan-yana düzülən müstəvi kirəmitlərin birləşdirilməsində istifadə edilmişdir. Belə kirəmitlərin ağırlığı 12-15 kq-a qədərdir. Bu dəlil şəhərin qədim binalarının çox davamlı olmasına və Qafqaz Albanlarının yüksək tikinti mədəniyyətinə yiyələnmələrinə sübutdur.

Səlbirdən şəhərin qədim dövrünə aid tapılan arxeoloji materialların əsas hissəsini saxsı qablar təşkil edir. Bunlar sərnic, dolça, qısaboğaz novçalı bardaq, köplər və s. tipli saxsı qabların hissələridir. Tapılan qabların bəzilərinin ağzının kənarında yunan və ya Roma yazılarının ayrı-ayrı hərflərinə oxşayan işarələr vardır. Qeyd edilən saxsı qabların tam oxşarları ilk dəfə Qəbələ ətrafında, yəni Yaloylutəpə abidəsindən tapılmışdır. Tədqiqatçılar onları Yaloylutəpə mədəniyyətinin ən səciyyəvi saxsı qabları hesab etməklə e. ə. III-I əsrlərə aid edilmişdir.
Son vaxtlar Səlbirdə aparılan arxeoloji qazıntılar zamanı da şəhərin xüsusilə qədim dövrünə aid xeyli material əldə edilmişdir.

Səlbirdə mədəni təbəqənin qalınlığı 2, 3-3 metr kimi qiymətləndirilir və bu mədəni təbəqə üç tarixi dövrə bölünür. Birinci (alt) təbəqə e. ə. III-I əsr, ikinci (orta) təbəqə IV-VIII, nəhayət üçüncü (üst) təbəqə IX-XII əsrləri əhatə edir. Bu təbəqələrdən tapılan zəngin arxeoloji materiallar, Səlbirdə 1500 ildən artıq fasiləsiz şəhər həyatının olduğunu söyləməyə imkan verir.

Qala (Govurqala)

Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govur qala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hal-hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, Qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.

Qalanın Cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun Qərb tərəfi çox dağılmışdır. Qalığının hündürlüyü 10, 7 metrdir. Sonra ikinci bürc gəlir k, onun da hündürlüyü 11, 3 metrdir. İçərisi dairəvi şəkildə boşdur. Boşluğun diametri yuxarı hissədə 6, 8 metrdir. Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m, divarının qalınlığı 5 metrdir. Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir. Elə buna əsasən Qalanın Cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar. Dördüncü bürc, Qalanın Cənub divarının Şərq qurtaracağındadır. O, təxminən ortadan qopub Cənuba tərəf aşmışdır.

İkinci və üçüncü bürclərnisbətən yaxşı vəziyyətdədir. Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür. İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur. Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir. Şəhərə qalxan ikinci yol isə Qalanın Şimal-Qərb tərəfindəki yoxşula gedirmiş. Əslində buradan Qalaya daha rahat qalxmaq olur. Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.

Covurlu çay Səlbirə nisbətən Qalanın Şərq tərəfini çox dağıtmışdır. Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki, vaxtilə möhkəm strateji mövqeyə malik idi. Qərb tərəfdən axan Qara çay, Səlbirdə olduğu kimi, Qalanın da Qərb tərəfini əlçatmaz istehkama çevirmişdir. Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bi xəndək sonralar Qalanın Şimal tərəfdən üdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır. Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.

Qəbələnin Qala hissəsinin arxeoloji tədqiqinə 1926-cı ildə başlanılmışdır. Bu zaman ciddi arxeoloji axtarış və kəşfiyyat xarakterli qazıntı işləri görülmüş və bir əsas məsələ -Qəbələ şəhər xarabalığının harada yerləşməsi məsələsi öz həllini tapmışdır. Bunula da Qəbələ şəhərinin harada yerləşməsi haqqındakı xırda yalnışlıqlara son qoyulmuşdur. Qalada geniş arxeoloji qazıntı işləri 1960-cı ildən başlamışdır. Burada 5 m qalınlığında üç mədəni təbəqənin olduğu aydınlaşdırılmışdır. Belə ki, yer səthindən 2, 5-5 metr dərinliyədək olan alt qat birinci, 0, 7 m dərinlikdən 2, 5 m dərinliyədək olan orta qat ikinci, 0, 7 m dərinliyədək olan üst qat birinci mədəni təbəqə hesab edilir.

Qazıntı zamanı mədəni təbəqələrdən çoxlu divar və döşəmə qalıqları. saxsı tünglərlə çəkilmiş su kəmərləri, ocaqlar, təndirlər, dulus kürələri, həmçinin çoxlu miqdarda şirsiz, şirli qablar şüşə, metal, sümük, daş əşyalar, mis pullar və s. maddi-mədəniyyət qalıqları tapılmışdır.

Mədəni təbəqənin orta qatı üst və alt qatlara nisbətən daha zəngin material vermişdir. Dərbənd məliyi Müzəffər ibn Məhəmmədə (XII sər), Atabəy Əbu Bəkrə (1191-1210 ), həmçinin XIII-XIV əsrlərə aid digər pullara əsasən Qalanın orta yaşayış qatı təxminən XI-XIV əsrlərə aiddir. Alt təbəqənin maddi-mədəniyyət qalıqları isə əsasən VIII-X əsrlərə aid ərəb pulları ilə müşayiət edilmişdir. Sonrakı arxeoloji qazıntılar da mühüm nəticələr vermişdir və aydınlaşdırılmışdır ki, alt təbəqə özü üç təbəqəyə bölünür və ümumiyyətlə Qalada üç yox, dörd mədəni təbəqə vardır. Məlum olmuşdur ki, mədəni təbəqənin 4 m dərinliyindən sonra şirli saxsı qablar getdikcə azalmış və yoxa çıxmışdır. Əslində şirli saxsı qablar verməyən orta əsr abidələri yeni bir tarixi dövrlə səciyyələnir.

Kamaltəpə

Şəhərin Qala hissəsinin Cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onuun adı ilə adlandırılmşdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir:
“Qəbələ möhkəmləndirilmiş şəhərdir, çay onun divarlarının arxasından axır. Cümə məscidi şəhərdən kənarda , bir təpənin üstündə yerləşir. ”
Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olası qeyd edilir. Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir. Hal hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur. Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir.

Kamaltəpə əslində üç hissədən ibarətdir. Müdafiə xəndəyini xatırladan çökəkliklər bu hissələri bir-birindən ayırır. Kamaltəpəyə qalxmaq üçün Şimal və Cənub tərəfdən yol yerləri var.

1977 -ci ildə təsərrüfat işləri zamanı Kamaltəpənin üst qatı dağıdılmışdır. Bu zaman burada kvadrta formalı bişmiş kərpicdən qurulmuş müsəlman qəbirləri, iri ölçülü yonma puc (şirim) daşdan kirəc məhlulu ilə hörülmüş böyük bir tikintinin divar qalığı və çoxlu inşaat materialı töküntüləri üzə çıxarılmışdır. İ. Əliyev qeyd edir ki, Kamaltəpədən tapılan arxeolji materialları Əl-Müqəddəsi nin verdiyi məlumatla müqəyisə etsək onda deyə bilərik ki, orta əsrlərdə Qəbələnnin Cümə məscidi məhz Kamaltəpənin üstündə yerləşmişdir.

Bayır şəhər

1977 -ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun Şimal kənarında Kamaltəpə və Qalanın Cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yüşüyış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın Cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın Cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı. Sonralar Qaraçay vaxtaşırı sel gətirdiyindən əhali bu yeri tərk edərək indiki Çuxur-Qəbələ kəndinin yerinə köç etmişdir. Yuxarıda qeyd edilənlərdən sonra demək olar ki, Bayır şəhər orta əsr Qəbələsinin ayrılmaz hissəsi olmuşdur. Bayır şəhərdə arxeolojiqazıntılar nəticəsində məlum olmuşdur ki, burada evlər cərgə üsulu ilə tikilmişdir. Məlum məsələdir ki, kənd evləri belə sıx tikilə bilməz. Bu arxeoloji dəlil həmin abidənin şəhər tipli yaşayış yeri olduğunu söyləməyə imkan verir.

Güllü qoruq (Çaqqallı)

Qəbələ şəhər xarabalığından 3-4 km Şərqdə yerləşir. Onun Şimal tərəfini indiki Tola kəndi ilə qoruq arasındakı meşəlik, Cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, Qərb tərəfini Covurlu çay, Şərq tərəfini Qocalan çay sərhədləndirir. Covurlu çay Güllü qoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.

İndiki zamanda Güllü qoruq 50 hektaradək sahəsi olan əkin yeridir. Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr, qədim qəbristanlıq, pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur. Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır. Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı. 1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpəlrdən biri dağıdılmışdır. Təpəliyin altından üzə çıxabğn çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir. Ona görə də Qəbələ arxeoloji ekspedisiyası 1959 -cu ildən etibarən Güllü qoruq ərazisini də öyrənməyə başladı. Buradakı arxeoloji qazıntılar genişləndirildikdən sonra daş möhür, çiy kərpicdən divar qalıqları və s. maddi mədəniyyət qalıqları tapılmışdır. Burada 500 kv metrdən artıq bir ərazini əhatə edən nəhəng saray binasının qalıqları və çoxlu sütun altlıqları aşkarlanmışdır. Tədqiqatçıların əksəriyyəti bu abidənin Qəbələ şəhər xarabalğna yaxın məsafədə yerləşməsini nəzərə alaraq onu qədim dövrdə Qəbələnin məbud sahəsi və bazar meydanının yerləşdiyi ərazi hesab edirlər və burada e. ə. I minilliyin təxminən ortalarından başlayaraq eramzın I minilliyinin axırlarına qədər şəhərtipli yaşayış yeri olduğunu bildirirlər.

Qeyd etmək lazımdır ki, Qəbələ şəhər xarabalığının yaxın ətrafında Çaqqallı abidəsindən başqa Seyidtala , Uzuntala , Qaratəpə kimi qədim yaşayış yerləri də vardır. Bu abidələr heç şübhəsiz, qədim Qəbələnin həmdövr yaşayış yerləridir.






İlk orta əsrlər dövrü


Çaqqalı ərazisində yaşayış süquta uğradıqdan sonra Qəbələnin Səlbir və Qala hissələrində həyat canlanır.
226 cı ildə İranda Sasanilər hakimiyyətə gəlirlər. Bundan sonra Albaniya Tədricən bu dövlərin asılığında düşür, Albaniyanın Sasanilərlə iqtisadi, mədəni və siyasi əlaqləri daha da genişlənir. Qəbələ V əsrin II yarısına qədər Albaniyanın paytaxtı və alban çarlarının igamətgahı olmuşdur.
IV əsrdə Alban hökmdarı Urnayır İran padşahı II Şapurun bacısı ilə evlənir. Bunu Qəbələ və ətaf ərazilərdən tapılmış sasani pulları da təsdiq edir və bu pul tapıntıları nikah hadisəsinin nəticəsidir.
V əsrin III yarısında Albaniya Sasani dövlətinin mərzbanlığına çevrilir. Bu zaman paytaxt Qəbələdən Partafa ( Bərdə) köçürülür.
Paytaxtın köçürülməsinə baxmayaraq Qəbələ əhəmiyyətini itirmir. Qəbələ hələdə ölkənin Dini mərkəzi idi. Baş yekiskop Qəbələdə iqamət edirdi. Bu dövrdə Yepiskopun səahiyyəti böyük idi. Bunu 498 ci ildə çağrılmış Aquen Kilsə məclisinin qərarında Qəbələ yekiskopunun imzası Alban çarının və arxiyepiskopun imzasından sonra gəlmişdir.
Paytaxt Bərdəyə köçürülsə də Sasani şahı Qubad tərəfindən Qəbələdə yüksək yenidən qurma işləri aparılmışdır. 1967 ci ildə Səlbirin şimal tərəfindən tapılan tikinti qalıqlarının bəziləri Sasani dövlətinə aiddir.
Ərəb tarixçisi Təbəri yazır ki, Sasani hökmdarı Xosrov Ənuşirəvan (531-579) Xəzər tayfalarından 10 min əsir gətirərək Qəbələ və ətraf ərazilərə yerləşdirmişdi. Balazuri yazır ki, Xosrov Ənuşirəvanın dövründə Qəbələ Xəzərlərə aid idi və Kırımçıskinin yazdıqlarına görə isə hətta burada Xəzərlərin inzibati mərkəzi də burada yaradılmışdır.
Akd. Ziya Bünyadov Ərəb mənbələrinə istinadən yazır ki, xəlifə Yəzidin (720-724) göstərişi ilə ərəblər Xəzərlərə qarşı hərakət edərək Xamzin və Taqunu tutmuş, əhaliləri Qəbələyə köçürmüşlər. Bələzuriyə görə isə hətta IX-X əsrdə Qəbələnin adı Xəzər olmuşdur.
Siyasi Hadisələrdən aslı olaraq Qəbələ müəyyən dərəcədə müstəqillik də əldə etmişdir. IX əsrdə Xürrəmilər hərakatı zamanı ərəblərdən aslı olan kiçik knyazlıqlar yaranmışdır ki, bunlarda biri də Qəbələ knyazlığı olmuşdur. Bu knyazlıq siyasi vəziyyətdən aslı olaraq bəzən Babəkin rəhbətrlik etdiyi Xürrəmilər hərakarının tərəfinə çıxmışdır.
981 ci ildə Şirvanşah Məhəmməd İnn Əhməd Qəbələni tutur. Bu zaman Qəbələnin hakimi Anbasın oğlu Abd ər Barr idi. Maraqlıdır ki, dövrün tarixçisi İstəxri hadisələri şərh edərkən Qəbələni hakimin adı ilə Anbasiyə adlandırmışdır.
999 cu ildə əvvəl Qəbələ hakimi olan Abd ər Barr, Qurzul qalasının hakimi olur ancaq bu qala da Şirvanşahlar tərəfindən işğal edilir. Şirvanşah Yəzid ibn Əhməd Qəbələdə öz adına pul da kəsdirir.
Arxeoloji qazıntılar göstərir ki, VIII əsrdə Qəbələ şəhərinin tutduğu sahə xeyli böyümüşdü. Bu zaman şəhər təkcə Səlbiri deyil eyni zamanda Qala sahəsini də tuturdu. IX-X əsrlərdə Qəbələ Səlbir və Qala ərazilərini bütünlüklə əhatə edirdi və burada gözəl binalar inşaa etdirilmişdi.
Bu dövrdə Qəbələ ərazisində su təsərrüfatı inkişaf edir. Su təminatı üçün gil tünglərdən istifadə edilmişdir. su sitemi əvvəlcə Səlbirdə qurulmuş sonra isə borularla Qala hissəsinə çəkilmişdir. XV əsrdə Qəbələdə olan şair Bədr Şirvani şəhərin su təsərrüfatından və hovuzdan etkilənmiş və hətta şeir də yazmışdır.
Sənətkarlıq da yüksək inkişaf etmiş sahələrdən idi. Bunu Səlbir sahəsindən tapılmış saxsı qablar, dulus çarxları sübut edir.
Ticarət əlaqələri əsasən III-IV əsrlərdə Sasanilərlə aparılmışdır. Bunu ərazidən tapılan pul dəfinələri təsdiqləyir. Sasani pulları ilə yanaşı I-II əsardə kəsilmişParfiya və Roma pulları da tapılmışdır. VIII əsrdən etibarən əsasən Ərəb pullarından istifadə edilmişdir.
1976 cı ildə Çuxur Qəbələdə pul dəfinəsi tapılmışdır. Bu dəfinədə 53 ədəd gümüş pul tapılmışdır ki, bu pulların da 3 ədədi Rəvvadilər sülaləsindən Əbülhac Məhəmmədin, 4 ədədi Şəddadilər sülaləsindən Əli ibn Masanın, 45 əədədi həmin sülalədən Fəzil İbn Məhəmmədin, 27 ədədi isə Şirvanşahlardan Mansur İbn Yazidin adına kəsilmiş pullar olmuşdur.
Bu dövrdə əhalinin əsas dini inancı xiristinalıq idi. Alban hökmdarları d xiristinalığa inanırdılar. Sasanilərin mərzbanlığı olduqdan sonra bu ərzilərdə odpərəstlik təbliğ edilsə də əhali xiristinalığa sadiq idi. Dövlətin əsas din mərkəzi Qəbələ idi. Və Qəbələ yekiskopunun nüfuzu güclü idi.
VII-VIII əsrdən etibarən Ərəblərin gəlməsiylə Müsəlmanlıq-İslam dini yayılmağa başladı. Ancaq bütün ərazini əhatə etmədi. Qəbələnin Nic kəndində yaşayan Alban tayfalarından olan Udilər hələ də xiristinalığa ibadət edirlər.






Qəbələ XII-XVIII əsrlərdə

XII əsr Azərbaycanda məhsuldar qüvvələrin ikişafı və isehsahın artması ilə xarakterizə olunmuşdur. Bu dövrdə şəhər həyatı xüsusiylə canlanmışdır. Azərbaycanın şimal ərazisində Şirvanşahlar, cənub hissəsində isə Eldənizlər ( Eldəgizlər) dövlətləri inkiçaf edirdilər.
Qəbələ şəhərinin siyasi taleyi əsas etibari ilə Şirvanşahlar dövləti ilə başlı idi.
XII əsrdə Şirvan dövləti ilə gürcü çarlığı arasında qohumluq münasibətlərinin yaranmasına baxmayaraq bu iki dövlət arasında əlaqələr sabit deyildi. Bi iki dövlət arasındakı feodal ara müharobələrindən Qəbələ şəhəri böyük əziyyət çəkirdi. Gürcü mənbələrinin birinin yazdığına görə 1120-ci ildə Qurucu David Şirvana növbəti səfəri zamanı Qəbələ şəhərini ələ keçirmişdi.
İbn əl-Əsirin məlumatına əsaəsən güman etmək olar ki ilk monqol hücumları dövründə Qəbələ yenə də gürcü dövlərinə tebe idi. 1222-ci ildə qıpçaqlar şəhəri mühasirəyə alıb tuturlar, soyub dağıdırlar və mahalı tamiylə qarət edirlər. Qıpçaqlar sonra Gəncəyə gedirlər. Görünür qıpçaqların hücumundan onra Qəbələ hakimi Şirvanşahların tebeliyinə keçməmişdir. Çünki Sultan Cəlaləddin 1225-ci ildə Arranı tutduqdan sonra həmin dövrdə hakimiyyətdə olan Fəribrüz İbn Quştasab dan hələ səlcuq soltanı Məlik şahın dövründəki şərtə uyğun olaraq xəzinəyə vergi göndərməsini tələb etdikdə Şirvanşah vəziyyətin ağır olduğunu “Qəbələ və Şəkinin üzərində hakimiyyətin itirilməsindən” şikayətlənmişdi. Cəlaləddin də tələb etdiyi vergini 100 mindən 50 minə endirmişdi. Bu da Qəbələ və Şəkinin nə qədər də önəmli olduqlarını göstərir.
1227 ci ildə Cəlaəddin Şirvanın Qəbələ və Şəki şəhərini gürcülərdən geri alır və bura Səfiəddini vəzir təyin edir.
Monqolların Azərbaycana sonuncu hücumu və monqol hakimiyyəti dövründə Qəbələ şəhərinin siyasi tarixinə aid məlumatlara təsadüf etmirik. Kırımskinin fikirlərinə görə monqol yürüşlərində Qəbələ o qədər də əziyyət çəkməmişdir və hər halda yer üzündən silinib getməmişdir.
Krımski qeyd edir ki 1386 cı ildə Qəbələdə Teymurləngin hərbi bazası yerləşdirilir. Və şəhərin tənəzzülə uğramasının səbəblərini burada axtarır. Aparılan qazıntılar və incələnən mənbələr göstəririr ki bu dövrdə və bundan sonrakı zamanlarda Qəbələdə yaşayış olmuşdur. XV əsr şairi Bədr Şirvani Əmir Şücaəddinə həsr etdiyi çerində bu yerlərin gözəlliyindən ağız dolusu danışır. Təbii ki şair bəzi şişirtmələr və təşbehlər etmişdir. Ancaq yenədə bu şeir sübut edir ki, Qəbələdə hələ də yaşayış var idi.
I Şah Ismayıl Şirvana hücumu zamanı Şirvanşah Fərrux Yassar Qəbələyə qaçır və qoşunlarını toplayır. Bu fakt da sübut edir ki, Qəbələdə yaşayış var idi və güclü qala müdafiəsi də var idi. Döyüşün nəticəsi olaraq Fərux Yassar məğlub olur və Qəbələ Səfəvilər dövlətinin tabeliyinə keçir.
Əvvəlki dövrlərdə olduğu kimi XII-XVII əsrlərdə də Sənətkarlıq Qəbələnin təsərrüfat həyatında aparıcı sahələrdən olmuşdur.
XVI əsr müəllifi Həmdullah Qəzvin özünün “Nüshət əl-Qulub” əsarində yazır ki: “Qəbələdə ipək istehsal olunur. Dənli bitkilər, yüksək eyfiyyətli meyvə və giləmeyvələr yetişd irilir. ”
Bədr Şirvani “Qəbələ” rədifli şerində Qəbələnin bağ-bostanlarını və şərabını nəzmə çəkmişdir.
Hacı Zeynalabidin Şirvani isə Qəbələdə zəngin meşə və bol şabalıd olduğundan yazmışdır.
Metalişləmə və sümük işləmə və şüşə istehsalı də yüksək səviyyədə inkişaf etmişdi. Bu sahələrlə yanaşı dulusçuluq da xeyli inkişaf etmişdi. Bunu Qəbələ ərazisindən tapılan dulusbişirmə peçləri və dulus qablar sübut edir.
Qəbələ XII-XVII əsrlərdə də Azərbaycanın mühüm ticarət şəhəri idi. Qəbələ bazarlarında digər şəhərlərdən gətirilən mallarla yanaşı digər ölkələrdən gətirilən mallar da satılırdı. Mütəxəsislər hesab edirlər ki, Qəbələ bazrlarında bu yerə tipik olaraq fındıq, qoz, şabalıd da satılırdı.
Qəbələdən tapılmış pullarla aydın etmək olur ki, Osmanlı, Dərbənd çarlığı, Eldənizlər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Cucilər, Hülakilər, Cəalrilər, Abxaz knyazlığı ilə ticari əlaqələr saxlanılmışdır.






Qəbələ XVIII-XXI əsrlər -yeni tarix


Xanlıqlar dövrü

Qəbələ şəhəri XVIII əsrlərdə Səfəvilərin və Nadir Şah İ mperialarının tərkibində ərazi vahidi kimi varrlığını davam etdirmişdir. XIX əsrin əvvələrində Azərbaycanda yaranan siyasi hərc-mərclik dövründə xanlıqlar-kiçik feodal dövlətlər yaranır. Nadir Şah dövlətinə qarşı başıayan üsyanlar Qəbələ ərazisinə də səçrayır. Bu dövrdə Nadir Şah dövlətinin süqutundan sonra Qəbələ ərazisi 2 sultanlığın tərkibində olmuşdur. İndiki Qəbələnin əsas hissəsində Qəbələ Sultanlığı yaradılımşdır. Qəbələnin Cənub hissəsi Ərəş Sultanlığının tərkində qatılmışdır. Müəyyən dövrə qədər müstəqil sitasət yeridən hər iki sultanlıq XIX əsrin 60-70 ci illərində Şəki xanlığının tərkibinə qatılmış və Şəki xanlığının təkibində mahala çevrilmişdir. Bir neçə dəfə Şəki xanlığının tərkibindən azad olma cəhdləri olsada müvəffəq ola bilməmişdir.


Çar İmperiyası işğalı və ADR

Azərbaycanda Çar imperiyası qurulana qədər Qəbələ Şəki xanlığının tərkibində mahal-sultanlıq olaraq qalmışdır. Çarimperiyasının tərkibinə daxil olduqdan sonra Qəbələ barədə müfəssəl məlumat yoxdur.
1841-ci ildə Çar Risiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək Quberniya və qəzalarla əvəz olunmuş və bu dövürdə Qəbələ rayonu Yelzavetapol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.
Qəbələ sənayeləşmədən kənarda qalmış, sadə kənd təsərrüfatı regionu olmuşdur.
Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda Qəbələdə bu Respublikanın tərkibində olmuşdur.







Sovet dövləti tərkibində və müasir-yeni tarix



Azərbaycan Sovet İmperiyasının tərkibinə daxil olduqdan sonra Qəbələ 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının (Azərbaycan SSR) inzibati rayonlarından biri kimi yaradılmışdır. Rayonun adı dəyişdirilərək Qutqaşın adlandırılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km2 –dir. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir.

Rayonun adı 7 fevral 1991-ci ildən sonra rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.
Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd var. Bu yaşayış məntəqələri 60 İizibati ərazi nümayəndəliyi və 55 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilə dək kənd, 1959-74-cü illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən müassir, gündən-günə gözəlləşən Qəbələ şəhərinin əhalisi 12.585 nəfərdir
1985-86-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və içtimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir.
1988-ci ildən rayon mərkəzində respublkiada ən zəngin tarix –diyarşunaslıq muzeyi fəaliyyət göstərir.

1998-ci ildə Qarabağ uğrunda canlarını qurban vermiş 121 nəfər Qəbələnin igid oğlanlarının xatirəsini əbədiləşdirən şəhidlər xiyabanı və muzey kompleksi yaradılmışdır.
Rayon mərkəzində 2004-cü ildə 3 ha sahədə salınmış H.Əliyev adına park salınmışdır.
2006-cı ildə görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi, 30 ildən artıq ölkəyə rəhbərlik etmiş, Azərbaycan xalqının Ümumilli Lideri H.Ə.Əliyevin həyat və fəaliyyətini əbədiləşdirən muzey və elektron kitabxana açılmışdır.
Dəmirapara çayı sahilində 2006-cı ildə görkəmli Azərbaycan aftamoloqu Z.Əliyeva adına park salınmışdır.
Hal-hazırda Qəbələ tarix yazmaqda davam edir.

Mənbəələr:

“Qəbələ arxeologi ekpedisiyasının hesabatı” İ. A. Babayev, Q. M. Əhmədov- Bakı 1981
Bahadur İBRAHİMLİ- “Qəbələ- tarix, mədəniyyət”- kiçik həcimli yazı

Kitablar

“Qarabağnamə”lərdə Qəbələ
Azərbaycan VII-IX əsrlərdə və Qəbələ şəhəri
Sara Aşurbəylinin “Şirvanşahlar Dövləti VI-XVI əsrlərdə” əsərində Qəbələ
Qafqaz Albaniyası və Paytaxt Kabalaka (Qəbələ)

Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы или скачать с newtemplates.ru лучшие шаблоны
Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən