Главная > Rəsmi, Bölgə > Prezident İlham Əliyev: “Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”

Prezident İlham Əliyev: “Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”


11-08-2016, 06:56. Разместил: Admin

“Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir”.

 

Bu sözləri Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və “ASAN xidmət” mərkəzinin kollektivi ilə görüşən prezident İlham Əliyev deyib.

 

“Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir”, deyə prezident İ.Əliyev bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Qəbələ son illər yeni binalar, turizm obyektləri, ictimai binalar tikilib: “Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bəziləri bu məsələyə şübhə ilə yanaşırdılar. Ancaq bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olanHeydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox otellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Bax, bu gün burada vəziyyətlə tanış olarkən pəncərədən yeni atıcılıq mərkəzinin tikintisini müşahidə etdim”.

 

Prezident İlham Əliyev deyib ki, Qəbələnin inkişafı göz qabağındadır: “Burada yaşayanlar bunu görürlər. Mən də buna çox sevinirəm. Çünki Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir və burada bütün işlər zövqlə, səliqə ilə aparılır. Buraya gələn qonaqlar təbii ki, bunu görürlər. Görürlər ki, Azərbaycan necə gözəl ölkədir. Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir, gözəl şərait yaradılıb”.

 

Dövlət başçısı qeyd edib ki, Qəbələnin gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq: “Burada gündəlikdə dayanan əsas məsələ içməli su layihəsidir. Bu, icra edilir, xarici banklar vasitəsilə təşkil edilir. Ona görə, müəyyən dərəcədə yubanma var. Əgər biz bunu daxili imkanlar hesabına etsəydik, çoxdan başa çatdırardıq. Ancaq yenə də ümid edirəm ki, yaxın gələcəkdə içməli su problemi kanalizasiya xətləri ilə bərabər öz həllini tapacaq. Qəbələ rayonunda qazlaşdırma 70 faizə yaxındır. Rayonun relyefini nəzərə alsaq, hesab edirəm ki, bu da gözəl göstəricidir. Şəhərdaxili yolların tikintisinə ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq və Qəbələ rayonunun gələcək inkişafını təmin edəcəyik”.

 

Prezident İlham Əliyev: “Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”


Вернуться назад