Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Gabalacity.com Kəramət Böyükçölün şeirlərini təqdim edir.

Qoşa ölür valideynlər...

Üç yaşındaydı anam,
anası öləndə...
Babam evlənmədi 
Ölənə kimi...
Anamın başı ucadı indi
Kəndimizdə...

Əlli yaşındaydı atam,
Anası öləndə,
Babam evləndi...
Ən çox anam hirsləndi atama
Deyir kökünüzdə var
etibarsızlıq...

Eh,
doludu mübahisələrlə evimiz
Mənim işimsə
Qapıları örtmək,
Pəncərələri bağlamaqdı ancaq.

Amma
Məncə, bütün valideyinlər
qoşa ölür...

Bacım haqqında şeir... 

Bacım gəlin köçüb,
Anam azalda bilmir
Qazandan bir tikəni...
Evimiz müvazinətini itirib elə bil...
Atam eynək axtarışında,
Anam iynəni tapa bilmir.
Balaca qardaşım da vur-çatdasın,
Çal oynasında...
Araz aşığından,
Kür topuğundan.
Deyən yoxdu:
Televizorun səsini al.
Hər səhər professor soruşur məndən:
- Niyə dərsə gecikirsən?
- Necə deyim ki,
Yuxudan oyadanım yox.
Sanki evimiz bir ağac idi,
Töküb yarpaqlarını.
Bacım gəlin köçüb,
Çıxmır evimizdən
Bir stəkan yeri,
Bir boşqab yeri
Boş qalıb evimizdə
bir stul yeri...
Hər gün susuruq
Boş yerlərin önündə...
Bacım gəlin köçüb,
Gedib evimizin dincliyi
Televizoru,
Mətbəxi,
Tozsoranı,
Ət çəkəni
Gedib evimizin
Gülü,
Çiçəyi
Anam darıxdığından
gəlin axtarır.
Mən də Vüqdor Hüqonun
“Səfilləri” ni...

Dərd

Ay mənim gözəl dərdlərim,
şəkər dərdlərim,
siz mənim ən yaxşı şeirlərimsiz...
Ən gözəl mövzudu Qarabağ...
Birinin vəfasızlığı,
xəyanəti,
atıb getməyi...
ən gözəl şeirdi vallah...
Bu dərdlə yaşamaq olar
Bu dərdlə ucalmaq olar,
Adam dərdlə tez ucalır.
Hərdən hirslənib birin söyməyin,
lap elə durub
üzünə tüpürməyin,
alıb başını qürbətə getməyin,
ən gözəl şeirdi vallah...
Bu dərd olmasa əgər,
bəs nədən düşünüb
nədən yazarıq?!
Lap yoluna qoysaq birini bu gün...
Sabah yeni bir azar taparıq...
A gözəl dərdlərim,
Şəkər dərdlərim...
Siz mənim ən yaxşı şeirlərimsiz...

Lap BMT kimi...

Hərdən dərsdə mənasız şeylər düşünürəm
Başımı söykəyib sinifdəki havaya
Həyatla məzələnirəm...
Partanın üstündəki (050) 328-06-94
nömrəsinin altında yazılmış
“tanış olmaq istiyən varsa zəng eləsin,
ciddiyəm” sözü
problem olub universitetdə.
Hamı nömrəni köçürür
Hamı tələsir
Hamı zəng edir...
Dərslər pozulur...
Mən də alıb əlimə qələmi
Qaraladım nömrəni,
Həll elədim məsələni
Lap BMT kimi...

Çörək dükanı...

Həmişə adamlar sürücüyə
“çörək dükanının önündə saxla”
- deyirdilər.
İndi çörək dükanı yoxdu orda,
avtobus dayanır,
çörək dükanının xatirəsi önündə.

Qadın 

Elə bil qırmızı işıqdı, qadın.
Görən kimi durur maşınlar.

Sərhəd 

Yaşamağın çətinliyini
Anam məni bələyəndə bilmişəm.
Onda ayaqların anladı ki,
bu dünyada sərhəd var.

Müasirlik 

Diqqət:
İçərişəhərdə müasirlik
baş alıb gedir.
Plastik əməliyyat olunub
İçərişəhər

 

 

edebiyyat.biz

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən