Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

Qəbələ: Albaniyanın paytaxtından turizm mərkəzinədək

Dağların əhatəsində yerləşən zümrüd meşələrdə gəzişməyi, minillik tarixi olan memarlıq abidələrini görməyi, ölkədə ən böyük attraksionlar parkında olmağı kim istəməz ki? Özü də dəbdəbəli otellərin təmin etdiyi komfort şəraitdə. Bunun üçün uzağa getmək lazım deyil. Sizi Qəbələyə dəvət edirik. Bu diyarın təbii sərvətləri, zəngin tarixi abidələri və inkişaf etmiş turizm infrastrukturu hər il dincəlmək istəyən minlərlə insanı cəlb edir.

Qəbələyə getsəniz, bu qədim şəhərdə aparılan qazıntılar zamanı aşkar edilən zəngin dəfinəni seyr etməyi, piano istehsalının sirlərini öyrənməyi, “Tufan” kompleksinin supermüasir xizək yollarında sürüşməyi və bənövşə çiçəyi mürəbbəsinin dadına baxmağı da unutmayın.



Misilsiz xəzinə və ya “Neft və milyonlar səltənətində”

Eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəlindən XVIII əsrin ortalarınadək mövcud olan qədim Qəbələni Troya, Pompey və Vavilon kimi şəhərlərlə müqayisə etmək olar. Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olub. Qədim alban çarının sarayı məhz burada yerləşib. Qədim şəhərin xarabalıqlarını bu gün də görmək olar: rayonun indiki inzibati mərkəzinin 25 kilometr şimal-qərbində. Qəbələ Tarix-Bədii Qoruğunun yerləşdiyi bu ərazidə hazırda arxeoloji qazıntılar aparılır. Burada aşkar edilən dəfinədə Ellin dünyasının Yunanıstan, Roma və Parfiya kimi dövlətlərinin sikkələri ilə bərabər, 500-dən çox yerli sikkə aşkar edilib ki, bu da o dövrdə əmtəə-pul münasibətlərinin miqyasından xəbər verir. Özü də gümüş alban sikkələri Makedoniyalı İsgəndərin sikkələrinə çox bənzəyir. Son vaxtların tapıntısı olan eramızdan əvvəl IV-III əsrlərə aid əzəmətli ərzaq anbarı da böyük maraq doğurur. Aşkar edilən mindən çox iri təsərrüfat bardağında şərab, qoz-fındıq, taxıl və ərzaq saxlanılırmış. Heç şübhəsiz, bu anbar ümumşəhər, bəlkə də ümumdövlət əhəmiyyəti daşıyırmış. Tapılan artefaktların çoxu hazırda Qəbələ Diyarşünaslıq Muzeyində saxlanılır.

Sovet dövründə bu rayon Qutqaşen adlanırdı. Yadımdadır, uşaq olanda valideynlərimlə yerli turbazada istirahət edirdim. Göbələk dalınca meşəyə getməyimiz, müəssisənin foyesində qoyulan “Dəniz döyüşü” oyun avtomatı və dinamiklərdən “Jizn nevozmojno povernut nazad...” mahnısının sədaları hafizəmdə həkk olunub. Sonralar, ötən əsrin 90-cı illərində nə qədər öyrənməyə çalışdımsa, heç kəs mənə izah edə bilmədi ki, Qutqaşen haradadır və hara yoxa çıxıb. Axırda məlum oldu ki, Qutqaşenin müəmmalı şəkildə yoxa çıxmasına 1991-ci ilin martında ona əzəli adı olan Qəbələ adının qaytarılması səbəb olub və hamı da dərhal Qutqaşen adını unudub. Buna baxmayaraq, hazırda Qəbələdə “Qutqaşen” adlı məhəllə var. Bu toponimin kökündə hazırda bu rayonun ərazisində yaşayan bir xalqın adı olan - “quti” sözü dayanır. Başqa versiyaya görə, “Qutqaşen” “qurd“ sözündən əmələ gəlib.

Əslən Qəbələdən olan tanınmış şəxsiyyətlər arasında maarifpərvər yazıçı, “Neft və milyonlar səltənətində” kitabının müəllifi İbrahim ağa Musabəyovu qeyd etmək olar. Onun bu əsəri əsasında 1917-ci ildə ekranlaşdırılan “Neft və milyonlar səltənətində” filmi çoxumuza tanışdır. Bu, Azərbaycanın ilk səssiz filmlərindən biri, bəlkə də birincisidir. Burada hisslər əl-qol hərəkətləri, əsəbi vəziyyətdə otaqda var-gəl etməklə ifadə olunurdu. Filmin qəhrəmanları gah ümidi üzülmüş kimi ah çəkir, gah da süni şəkildə ürəklərini, ya da başlarını tuturdular. Süjetin bəsit olmasına baxmayaraq, filmin əsasını təşkil edən material o şanlı dövrü yetərincə ətraflı təsvir edib.

Başqa bir qəbələli, Azərbaycan yazıçısı və Rusiyanın hərbi xadimi İsmayıl bəy Qutqaşınlı (1806-1861) da xüsusi qeyd olunmalıdır. Maraqlıdır ki, Rusiya imperator ordusunun general-mayoru İsmayıl bəy Müqəddəs Georgi ordeninə layiq görülən ilk azərbaycanlıdır.



Attraksionlar, xizəklər və piano imperiyasının sirləri

Müasir Qəbələ beynəlxalq hava limanına, inkişaf etmiş infrastruktura və yalnız sayına görə paytaxt Bakıdan geri qalan dəbdəbəli otellər şəbəkəsinə malik iri şəhərdir.

Bakirə təbiəti, zəngin tarixi və mədəni irsi, saysız-hesabsız görməli yerləri sayəsində Qəbələ keyfiyyətli istirahət və əyləncə həvəskarları üçün son dərəcə cəlbedici məkana çevrilib. Təəccüblü deyildir ki, Azərbaycanda, bəlkə də bütün Qafqazda açıq səma altında ən böyük attraksionlar parkı “Gabaland” məhz burada, sahəsi 16 hektar olan ərazidə yerləşir. Ailəvi, uşaq və ekstremal attraksion növləri, buz arenası, kartinq, idman meydançaları, 7D-teatr, kiçik restoran və kafelərdə dadlı yeməklər və bir çox digər xidmətlər müsafirlərin qulluğundadır.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi də turistlər üçün çox maraqlıdır. Kompleksin birinci növbəsinin açılışı 2014-cü ilin əvvəlində olub. Qəbələ şəhərinin 4 kilometrliyində yerləşən kompleksdə istirahət üçün ən əlverişli şərait yaradılıb. Kompleksdə müasir kanat yolları və mürəkkəblik dərəcəsinə görə müxtəlif olan, “süni qar” sistemi ilə təchiz edilmiş çoxsaylı xizək yolları fəaliyyət göstərir. “Tufandağ” kompleksi gün ərzində bütövlükdə 3 min adama xidmət göstərə bilir. Kompleksin abadlaşdırılması, infrastrukturunun genişləndirilməsi işləri davam edir. Bu da onun Qusardakı “böyük qardaşının” - “Şahdağ” Qış-Yay Turizm Kompleksinin layiqli rəqibi olmasına imkan verir.

Qəbələdə istehsalat da inkişaf edib. Şəhərdə bir neçə iri müəssisə var. Bu müəssisələrin məhsulları ölkəmizdə və onun hüdudlarından kənarda yayılır. Bu müəssisələr arasında ən maraqlısı “Beltmann” markalı piano istehsal edən fabrikdir.

Qeyd edək ki, “Beltmann” pianosu yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur. Onun hissələrinin 90 faizi Almaniya və Avstriyadan gətirilir, tərkibi gizli saxlanılan çuqun çərçivələr isə Azərbaycanda hazırlanır.

Maraqlıdır ki, “Beltmann” fortepianosunun hazırlanması üçün Avstriya ilə Almaniya sərhədində bitən küknar ağacı tələb olunur. Həmin bölgədə temperatur ilin dörd fəslində 18-22 dərəcə isti olur. Ağacın yaşı isə minimum 150 il olmalıdır. Belə oduncağı 3,5 il suda saxlayır, sonra 3 il qurudurlar. Buna görə material “Beltmann” məhsulunu hazırlamağa imkan verən xassələr əldə edir, yalnız bundan sonra Azərbaycana gətirilir və ecazkar musiqi alətlərinə çevrilir. Bu musiqi alətlərinə düz 10 il zəmanət verilir!

2009-cu ildən etibarən hər il Azərbaycanda keçirilən məşhur Qəbələ Beynəlxalq Musiqi Festivalının səhnəsində məhz bu piano və royallar çalınır. Bütün yüksək sənət xiridarlarının cazibə mərkəzinə çevrilən bu festivalda klassik musiqi, caz və muğam səslənir. Tanınmış dirijor, pedaqoq-violençelçalan Dmitri Yablonski bu festivalın bədii rəhbərlərindən biridir.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun sonu – avqustun əvvəllərində keçirilir. Musiqiçilər Qəbələnin açıq səma altında yerləşən konsert meydanlarında və kamera konsert salonlarında çıxış edirlər. Hər iki ildən bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən adlı-sanlı musiqiçilər iştirak edirlər. Müxtəlif illərdə bu festivalda Yohannesburq Simfonik Orkestri, Vyana Kamera Musiqisi Orkestri, Qüds Simfonik Orkestri, London Kral Filarmoniya Orkestri və digər məşhur kollektivlər çıxış ediblər.



Turizm bumu və Nicdən olan Geroy

Qəbələ yol kənarında təşkil edilən bazarları ilə də məşhurdur. Belə bazarlarda fermerlər müxtəlif meyvə-tərəvəz, təbiətin digər nemətlərini satırlar. Deməliyəm ki, belə bazarlar bol çeşidi ilə heyrətləndirir və misilsiz koloriti ilə çoxsaylı turistləri cəlb edir. İsmayıllı rayonundan Qəbələyə gedən əsas yolun son kəsiyində yerləşən bazar daha çox məşhurdur. Burada əsasən çox koloritli adı olan və respublikanın ən böyük qəsəbələrindən biri sayılan Vəndam camaatı alver edir. Yerli sakinlər zarafatla deyirlər ki, dünya şöhrətli kino ulduzu Jan Klod Van Damm əslən bu kənddəndir. Burada mövsümi meyvələrlə yanaşı, təbii bal, müxtəlif ədviyyat, dağ bitkiləri, şorabalar, mürəbbə və cemlər satılır. Vəndam kəndi meyvə bağları, xüsusilə də alma bağları ilə tanınır. Yalnız İsmayıllı və Qəbələ regionlarında bitən məşhur “Qızıl Əhmədi” alma sortu burada yetişdirilir. Bazarda təbii alma ilə yanaşı, orijinal delikates – qoz-fındıqla birlikdə şərbətdə bişirilən almalar görmək olar. Turistlər soyuq halda sıxılmış müalicəvi çaytikanı yağı, gül ləçəklərindən hazırlanmış ətirli şirə, tut və üzüm doşabı almaq imkanını əldən vermirlər. Bazarda yetərincə ekzotik məhsullar, məsələn, bənövşə və itburnu çiçəklərindən hazırlanmış mürəbbələr təklif olunur.

Nə deyirsiniz deyin, amma qəbələlilər öz kəndlərinə yaddaqalan adlar verməkdə mahirdirlər. Rayon mərkəzinin 7 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə məzəli adı olan daha bir kənd – əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi olan Bum kəndi yerləşir. Bu kənd öz folkloru ilə məşhurdur. Yerli folklor ansamblı isə eyniadlı çoban oyunu şərəfinə “Zop-zopu” adlanır.

Nəhayət, Qəbələ rayonunun ən böyük kəndi - rayon mərkəzinin 40 kilometr cənub-qərbində yerləşən Nic barədə. Təqribən 4 min nəfər əhalisi olan bu kənddə qədim xalq – udinlər (utilər) yaşayırlar. Xristian dininə etiqad edən udinlər Alban Dövlətinin təşəkkülündə mühüm rol oynayan 26 alban tayfasından biridir.

Kənddə bir neçə qədim məbəd bizim günlərə gəlib çatıb. Kənd sakinlərinin qürur mənbəyi olan XVII əsrə aid “Çotari” kilsəsi vaxtilə alban xristianlığının mərkəzi olub. Yerli sakinlər deyirlər ki, kilsənin tikintisi başa çatandan sonra kəndin hər bir məhəlləsinin sakinləri onun ətrafında çinar ağacları əkiblər. Dini bayramlarda kənd sakinləri kilsəyə gəlir, hər bir ailə öz əkdiyi çinar ağacının altında oturur, qurban kəsir, yemək hazırlayır, yeyib-içirmişlər.

2006-cı ildə Alban kilsəsi bərpa işlərindən sonra təntənəli surətdə açılıb. Nic sakinləri 170 ildən sonra ilk dəfə öz məbədlərinə daxil olublar. Amma bu hadisənin xoşbəxt sonluqla bitən kədərli bir tarixçəsi var. Rus Pravoslav Kilsəsi idarəsi 1836-cı ildə Alban kilsəsini və onun katolikosunu ləğv edəndən və bu kilsənin tarixinə aid bütün sənədləri daşıyıb aparandan sonra udinləri erməni kilsəsinə keçməyə məcbur ediblər. Amma mömin udinlər Rusiya çarının Alban kilsəsinin erməni qriqoryan kilsəsinə tabe etdirilməsi barədə fərmanını qəbul etməyiblər və heç kəs erməni kilsəsinə keçməyib. Udinlər bütün ayinlərini və ibadətlərini evdə icra etməyə başlayıblar. Bundan istifadə edən ermənilər udinlərin bütün tarixi və dini irsinə sahib çıxıblar, onları assimilyasiya etməyə çalışıblar. Amma udin xalqı bütün bu illər ərzində öz etiqadını, dilini, adət və ənənələrini qoruyub saxlaya bilib və hazırda Azərbaycan dövlətinin himayəsi ilə yenidən dirçəlməyə başlayıb.

Başqa xalqlarda olduğu kimi, udinlərin də öz milli adları var. Amma Nic kəndində əsl udin adları ilə yanaşı, iqtibas edilmiş adlar da yetərincə çoxdur. Bəzən çox maraqlı adlara təsadüf edilir. Məsələn, çoxsaylı Vitali, Sergey və s. kimi adlar arasında rastımıza bir nəfər Volter, bir nəfər də məğrur Geroy adını daşıyan adam çıxdı.

Emil Eyyubov,

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən