Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 08:34 – “Elm ağlın çırağıdır” adlı layihəsinə yekun vuruldu-Fotolar 
  • 05:54 – Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb 
  • 06:55 – Prezident İlham Əliyev Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib 
  • 06:52 – Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib 

KİV nümayəndələri Qəbələdən xoş təəssüratla ayrılıblar

Azərbaycanın təbii zənginliyi turizm biznesinin daim genişlənməsinə, ölkəmizin turistik bölgəyə çevrilməsinə əlverişli imkanlar yaradır. Son illər ölkədə turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi dünya turizm bazarına inteqrasiya istiqamətində aparılan ardıcıl işlərin göstəricisidir. Zəngin tarixi və mədəni irsi, saysız-hesabsız görməli yerləri sayəsində Qəbələ beynəlxalq hava limanına, inkişaf etmiş infrastruktura və dəbdəbəli otellər şəbəkəsinə malik iri şəhərdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə Qəbələdə "Turizmin inkişafında KİV-in rolu və funksiyası" adlı tədbir keçirilib. Tədbirə Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan "Qafqaz" otelləri ev sahibliyi və sponsorluq edib. Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan "Qafqaz Hotelləri Qrupu" barədə ətraflı məlumat verilib.

KİV nümayəndələri "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi, "Qafqaz Sport Hotel" və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar.

Məlumat verilib ki, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Təbiətin sakit guşəsində, Yengicə istisu vannalarının mənbəyində yerləşən otel şəhər stressindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır. Otelin yerləşdiyi ərazi mineral və termal suları ilə, ən əsası Naftalan vannaları ilə çox məşhurdur. Otelin əhəmiyyətini artıran mühüm cəhət də burada müalicəvi su mənbəyinin olmasıdır. Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçirilir. Yay aylarında balıq həvəskarları üçün otel xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür.

Vurğulanıb ki, böyük Qafqaz dağları ilə əhatə olunan "Qafqaz Sport Hotel"ində 117 otaq var. Otelin restoranında qonaqlar dünya və Azərbaycan mətbəxinin ləziz təamlarından dada bilərlər.

Xizək həvəskarları üçün maraqlı olan "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olan jurnalistlərə kompleksin direktoru Əvəz Nəbiyev məlumat verib ki, kompleks gün ərzində bütövlükdə 3 min turistə xidmət göstərə bilir. Bu da onun Qusardakı "Şahdağ" Turizm Mərkəzi ilə layiqli rəqibi olmasına imkan verir. Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən xizək həvəskarları Qəbələyə gəlirlər. Dekabrın 18-dən yeni xizəkçilik mövsümünün açılışına start verilib. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində 50 dəqiqə ərzində xizəklə necə hərəkət etməyi öyrədirlər. Son iki ildə kompleksin xidmətlərindən 300 minə yaxın turist bəhrələnib. Turistlər kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edirlər. Bir nəfər üçün 10 manat ödəməklə kompleksin 4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət etmək mümkündür. Turistlər 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnə bilərlər. Kompleksin ərazisində böyüklər və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur.

Bildirilib ki, ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili, onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.

Məlumat verilib ki, "Tufandağ" oteli həm həftə içi, həm də xüsusi həftə sonu paketləri ilə müştərilərinə maraqlı təkliflər edir. Belə ki, müştərilər 2 nəfər üçün 179 manat ödəyərək oteldə 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitnes, ödənişsiz xizək dəsti və geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda, hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-dək) imkanları da əldə edə bilirlər.

Diqqətə çatdırılıb ki, oteldə novruz bayramı münasibətilə martın 19-dan 28-dək xüsusi kampaniyaya start verilib. Artıq arzu edənlər 72 manatdan başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, SPA və fitnes qiymətə daxildir) martın 22-si, 23-ü, 24-də isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, SPA, bayram şou proqramı – musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

Media nümayəndələri də, öz növbəsində, kompleksə daha çox turist cəlb edilməsi üçün bir sıra təkliflərini veriblər.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Qəbələdən xoş təəssüratla ayrılıblar.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter
  • Bu gün
  • Çox oxunan
  • Şərh edilən